143 milyonluq mənimsəmədə general DANIŞDI: “Bilsəydim …”Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunaraq tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Sonxeber.az APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində dindirilən N saylı hərbi hissəsinin maliyyə xidmətinin rəisi Musa Məmmədov deyib ki, onun tərəfindən maliyyə yoxlamaları zamanı 455 min manat ziyan vurulması müəyyən edilib. O bildirib ki, hərbi hissəyə ayrılan pullar nağdılaşdırılıb və korpusun maliyyə xidmətinin rəisi olmuş Rasim İbrahimova məruzə edilib. Rasim İbrahimov və Emin Poladov onun xidmət etdiyi hərbi hissədə təftiş aparıblar. Şahid deyib ki, hərbi hissəyə ayrılan vəsaitdən mənimsənilən pulun 60 faizini onlara verib, qalan 40 faizini isə özünə götürüb.
M.Məmmədov bildirib ki, onun tərəfindən mənimsənilən vəsaitin 265 min manatını ödəyib, qalan vəsaiti də hissə-hissəyə ödəyəcək.
Təqsirləndirilən Cəlal Kazımov deyib ki, şahid M.Məmmədov tərəfindən xidmət etdiyi hərbi hissədə başqa bir hərbi hissədə xidmət edən guya Füzuli Ələkbərov adlı şəxsin adına 17500 manat köçürüb. Onun sözlərinə görə, bu, istintaq sənədlərində müəyyən edilib.
Şahid isə bunun düzgün olmadığını, Füzuli Ələkbərovun kartına vəsait köçürmədiyini deyib. Suallara cavab verən şahid qeyd edib ki, real olmayan şəxslərin adına kartlar açıblar və pulları həmin formada mənimsəyiblər.
Təqsirləndirilən Cəlal Kazımov buna cavab olara əvvəlki iclaslarda da mövcud olmayan şəxslərin adına kartlar açılması, pulların həmin kartlara əməkhaqqı adı altında köçürülməsi barədə səslənən iddialara münasibət bildirib:
“Burada hamı nağıl danışır, belə kart açdıq, pulları belə köçürdük. Bunun mümkün olmadığı məlumdur. Bir neçə maliyyə xidmətinin rəisləri var, onlar şəxsi adlara pul köçürüblər. Amma həmin pulları niyə köçürüblər? Bu, bəlli deyil. Bunları da istintaqda demişəm”.
Digər şahid Yaşar Rzayev də hərbi hissədə maliyyə xidmətinin rəisi olub. O, xidmət dövründə maliyyə pozuntusuna yol verildiyini bildirib. Qeyd edib ki, hərbi hissələrdən birində aparılan yoxlamadan ona 280 min 685 min manat əlavə pul qalıb: “Həmin pulu da özümə götürmüşəm. Bir səhvdir etmişəm. Bununla bağlı təftişə gələnlər olub. Onlara həmin puldan vermişəm. Ümumilikdə hərbi hissədə 4 dəfə yoxlama aparılıb”.
Y.Rzayev deyib ki, təftişə gələnlərdən birinə rəhbərliyi Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi olmuş Rəfael Xələfov edib: “Həmin vaxt Rafael Xələfova 164 min manat vermişəm. Ümumilikdə 4 il ərzində təftişçilərə 963 min manat vermişəm”.
Y.Rzayev bildirib ki, 2019-cu ildə Büdcə və Maliyyə İdarəsində planlaşdırma şöbəsinin rəisi təyin olunub. Onun sözlərinə görə, onların işi şəxsi heyətin iş planını müəyyən etməkdən ibarət olub.
Təqsirləndirilən Nizami Məmmədov şahid Yaşar Rzayevin onun kadrı olduğunu deyib: “Yaşar Rzayevi mən hərbi hissəyə maliyyə xidmətinə rəis göndərmişəm. Bir neçə ildən sonra dedi ki, rəis, təqaüdə çıxacam, məni yüksək vəzifəyə gətir, təqaüdə çıxanda pensiyam yüksək olsun. Onu idarədə planlaşdırma şöbəsinə gətirdim. 2017-ci ildə Rafael Xələfov yoxlama aparıb. Bu da mənə bir söz deməyib. Belə çıxır ki, Rafael Xələfovla birləşib iş görüblər. Rafael Xələfov bu işçini çox tərifləyirdi, deyirdi ki, yaxşı işçidir, qabağa çəkmək lazımdır. Bildirdirdi ki, belə işçiləri qabağa çəkmək lazımdır ki, yaxşı işçilərlə bağlı and içməyə yerimiz olsun. Amma indi məlum olur ki, Rafaellə əlbir olub, iş görüblər. Dəfələrlə qəbulumda olub. Amma mənə bir dəfə də olsun ki, Rafaelin qanunsuz iş görməsini deməyib. Desəydi, tədbir görərdim”.
Şahid isə Rafael Xələfovla heç bir işbirliyinin olmadığını açıqlayıb.
Digər şahid Əli Qədirli isə deyib ki, maliyyə yoxlamaları zamanı onun tərəfindən dövlətə 400 min manat ziyan vurulması müəyyən edilib. O, 2019-cu ildə maliyyə xidmətinə rəis təyin olunduğunu bildirib: “Məndən əvvəl də belə olub. Pullar hesaba köçürüləndən sonra məbləğlərin şişirdilməsi nəticəsində bir qismi mənimsənilib. 2019-cu ildə həmin vəzifəyə gələndə vəziyyəti belə görmüşəm”.
Şahid qeyd edib ki, iki dəfə yoxlamanı təqsirləndirilən Bayram Bayramov aparıb: “Üçüncü dəfə isə yoxlamaya Rafael Xələfov 4 nəfərlə gəlmişdi. Yoxlamalar zamanı bilinməyən məbləğlərin olması müəyyən edildi. Həmin vəsaitin də 50 faizini Rafael Xələfov götürdü”.
Əli Qədirli ifadəsində dövlətə onun tərəfindən dəymiş ziyanın 50 min manatını ödədiyini deyib. Bildirib ki, qalan məbləği də yaxın zamanlarda ödəyəcək.
Bundan sonra ifadə verən şahid Samir Həmidov deyib ki, şərti olaraq 26 nəfərin adına əməkhaqqı kartı açıblar: “Həmin şəxslərin ad və soyadları mənim tərəfimdən şərti adlar altında yazılıb. Həmin adları banka təqdim etməklə əməkhaqqı kartı açılıb. Pullar da həmin kartlara köçürülüb. Bundan sonra tərəfimizdən həmin pullar nağdılaşdırılaraq götürülüb”.
Şahidin ifadəsi ilə bağlı arayış verən Nizami Məmmədov deyib ki, mövcud olmayan şəxslərin adına bankda əməkhaqqı kartı açmaq mümkün deyil: “Bu, uydurmadır. Şəxsi heyətlə bağlı hərbi hissə komandiri tərəfindən banka siyahı təqdim olunub. Şəxsiyyət vəsiqəsini təqdim etməklə şəxsi heyət üzvlərinə əməkhaqqı kartı açılıb”.
Bu məsələ ilə bağlı arayış verən digər təqsirləndirilən Cəlal Kazımov deyib ki, 2013-cü ilə kimi əməkhaqqı kartları hərbi vəzifə kartını banka təqdim etməklə açılıb: “Amma 2013-cü ildə Zakir Həsənov nazir vəzifəsinə gələndən sonra hərbçilərə əməkhaqqı şəxsiyyət vəsiqəsi əsasında verilməyə başlanıb. Həmin vaxtdan da hərbçilərin əməkhaqı kartlarının alınması üçün banklara şəxsiyyət vəsiqələri təqdim olunub. O dövrdən banka şəxsiyyət vəsiqəsi təqdim etmədən əməkhaqqı kartı alınması mümkün deyil”.
Şahid qismində daha sonra Sahil Mehdizadə ifadə verib. Sahil Mehdizadənin ilkin ifadəsi ilə məhkəməski ifadəsi arasında ziddiyyətlər yaranıb. Belə ki, o, ifadəsində mənimsəmə kimi qeyd edilən müəyyən miqdarda vəsaitin çağırışçılara ödənildiyini deyib. İstintaqda isə həmin vəsaitin mənimsənildiyi qeyd edilən akta qol çəkərək təsdiq edib.
O, vəkil Rəşad Mirmehdizadənin bunun səbəbi ilə bağlı suallarına cavab verməyib.
Daha sonra digər şahidlər – Fərrux Xəlilov, Yasin Şahverdiyev, Təyyar Fərəcov, Yasin Davudzadə, Nicat Qurbanov, Nicat Yusifov, Taleh Hüseynov və İbadulla Əliyev ifadə veriblər. Onlar da işlədikləri hərbi hissələrdə qanunsuzluqlara yol verdiklərini, dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsinə yol verdiklərini deyiblər.
Şahidlərin mənimsədikləri vəsaitlərin bir qismini ödədikləri məlum olub.
Proses yanvarın 26-da davam etdiriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan
vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Sonxeber.az